Bir ailənin rayonda bir həftəlik istirahəti neçəyə başa gəlir?

Paylaş:

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Əhməd Qurbanov bildirir ki, bölgələrdə əsasən dörd və beşulduzlu hotellər fəaliyyət göstərir. Regionlarda turistlərin bir həftəlik istirahət xərci hotellərin qiymətlərindən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, pandemiya başlayanda əhali əsasən daxili turizmə, bölgələrdə istirahət etməyə üstünlük verirlər.

"Bölgələrdə istirahət edənlərin bəziləri hotellərdə, bəziləri isə kirayə mənzillərdə qalırlar. Hazırda bölgələrdə yerləşən beşulduzlu hoteldə 2 nəfərlik adi otaqda bir gün gecələməyin orta qiyməti təxminən 110 manatdır. Apardığımız monitorinqlər nəticəsində görürük ki, həftəsonları hotellərdə tam, həftəiçi isə 70% doluluq müşahidə olunur. Qiymətlərə gəldikdə isə dörd nəfərdən ibarət bir ailənin bölgələrdən birində hoteldə bir həftəlik istirahət xərci 1000-1500 manat arasında dəyişir".

Assosiasiya sədri onu da qeyd edib ki, ailə kənd evini kirayə götürərsə, bu hoteldə qalmaqdan daha ucuz başa gəlir.

"Belə ki, gündəlik kirayə verilən evlərdə qiymət adambaşına deyil, günlük olaraq hesablanır. Ailə genişdirsə və ya bir neçə ailə birlikdə istirahətə gedirsə, günlük kirayə evlər daha sərfəlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda yay turizm mövsümü adətən iyunun ortalarından başlayır.