Çimərliklərdən səmərəli istifadə edə bilsək, ölkəyə turist axını artar - ATAA

Paylaş:

Çimərliklərdən səmərəli istifadə edə bilsək, ölkəyə turist axınını artıra bilərik.

Bunu Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, ölkəmizə artıq çoxlu sayda turist gəlməyə başlayıb.

"Yay fəslində turistlər və vətəndaşlar əsasən dənizdə dincəlməyə üstünlük verirlər. Bu da çimərlik turizminin inkişafını labüd edir. Yay turizminin özəlliklərindən biri də çimərlik zonalarıdır. Azərbaycanda kifayət qədər normalara cavab verən çimərliklərlə yanaşı, natəmiz çimərliklər də var. Bu ərazilərdə də artıq yay mövsümünə hazırlıqlar başlayıb. Eyni zamanda dənizkənarı ərazidə yerləşən hotellər də öz işlərini tamamlayıblar. Çimərliklər normalara uyğun yaradılmalıdır. Həm turistlər, həm də yerli vətəndaşlar çimərlikdən istifadə edərkən təhlükəsizlik məsələləri və sanitar-gigiyenik normalara da riayət olunmalıdır. Bunu üçün çimərliklərə cavabdeh olan qurumlar kordinasiyalı fəaliyyət göstərməlidirlər".

Ə.Qurbanov bildirib ki, dünyada "mavi bayraqlı" (çimərliyin dünya standartlarına cavab verməsi) çimərliklər deyilən anlayış var. Təəssüf ki, belə çimərliklər Azərbaycanda yoxdur. Biz çalışmalıyıq ki, ölkəmizdə də belə çimərliklər olsun.

"Çimərliklərə daha çox turist cəlb etmək üçün atraksionlar quraşdırılmalı, skuterlərin sayı artırılmalı, dəniz idman növlərini inkişaf etdirməliyik", - Turizm Assosiasiyasının sədri deyib.