Paytaxtın turizm infrastrukturunun müasirləşdirilməsi tədbirləri xüsusi diqqət mərkəzindədir

Paylaş:

Qeyri-neft sektorunun, sahibkarlığın inkişafında, büdcə daxilolmalarının artımında xüsusi yeri olan turizm sektorunun davamlı inkişafı Azərbaycanda yürüdülən iqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Regionda sabitləşdirici rol oynayan, “təhlükəsizlik adası” kimi tanınan Azərbaycanın yeni növ koronavirusla mübarizə sahəsində mühüm uğurlara imza atması, tətbiq edilmiş məhdudiyyətlərin cüzi istisnalarla ləğvi ölkəmizin beynəlxalq miqyasda turizm cəlbediciliyini yenidən yüksəldir.

AZƏRTAC xəbər ki, sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrinin genişlənməsi, habelə “Texnofest Azərbaycan”, Bakı Qlobal Forumu, “Formula 1” və digər tədbirlər turizm sahəsinin inkişafına müsbət təsir göstərir. Bu da təsadüfi deyil ki, hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi də diqqətəlayiq göstəricidir.

Ukraynadakı məlum müharibə ilə əlaqədar Avropa və digər bir sıra ölkələrin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar ölkəmizin regional turizm marşrutu kimi əhəmiyyətini daha da artırır. İlin birinci rübündə Azərbaycana səfər edən əcnəbi turistlərin 27,4 faizini məhz Rusiya vətəndaşları təşkil edib.

Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında”, habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları, eləcə də 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahənin inkişafına təkan verən fundamental əhəmiyyətli sənəd olaraq yeni hədəflər müəyyən edib. Strateji Yol Xəritəsində qeyd olunduğu kimi, müasir infrastrukturu, qədim tarixi abidələri olan paytaxt Bakı şəhəri Azərbaycanın qlobal turizm sektorundakı payının böyük hissəsinə sahib olaraq, biznes və istirahəti üstün tutan əcnəbi turistləri cəlb edir. Bu həm də ölkəyə gələn turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75-80 faizinin paytaxtda yerləşməsi ilə şərtlənir. Qeyd olunanlar nəzərə alınaraq, Bakı şəhərində turizm üzrə uğurlu layihələrin həyata keçirilməsi, müasir şəhər infrastrukturun yaradılması tədbirləri xüsusi diqqətdə saxlanılır.

Hər bir dövlət haqqında ilkin təəssürat, adətən, onun paytaxtı ilə bağlı tanışlıqdan başlayır. Bu reallıqdan çıxış edən Prezident İlham Əliyev Bakı şəhərində reallaşdırılan abadlıq, quruculuq və yenidənqurma işlərini xüsusi diqqət yetirir. Dövlət başçısı Bakı şəhərinin görkəminin müasirləşdirilməsini, onun tarixi-mədəni simasının qorunmasını, müasir şəhərsalma və arxitektura elementləri əsasında inkişafını mühüm vəzifələr kimi müəyyənləşdirib. Paytaxtın Baş Planı ilə tanış olarkən, hər bir prospekt və küçənin, məhəllənin özünəməxsusluğunun təmin edilməsi, mövcud yaşıllıqların qorunması, yeni yaşıllıqların, istirahət guşələrinin yaradılması vacibliyini önə çəkib.

Son iki ildə pandemiyanın iqtisadiyyata, eləcə turizm sektoruna mənfi təsirlərinə baxmayaraq, Bakı şəhərinin, onun kənd və qəsəbələrinin simasının müasirləşdirilməsinə xidmət edən tədbirlərin davam etdirilməsi dövlətin sosial və inkişafyönümlü layihələri dəstəklədiyinin əyani göstəricisidir. Paytaxtda onlarla yeni parkın, istirahət guşəsinin, abad məhəllənin yaradılması, Bakı bulvarının əhatə dairəsinin uzadılması və əsaslı təmiri, Böyükşor gölünün ekoloji cəhətdən təmizlənərək ətrafının abadlaşdırılması, Yasamal rayonunda meşə tipli parkın yaradılması insanların sağlamlığı, istirahəti, firavanlığı layihələrinə həssas münasibətin mövcudluğunu təsdiqləyir.

“Sovetski” adlanan yaşayış massivinin sökülərək yerində Mərkəzi parkın, Qış Parkının, habelə Xətai rayonu ərazisində yeni yaşıllıqların salınması, “Ağ şəhər” layihəsinin reallaşdırılması paytaxtın müasirləşdirilməsi və yenidənqurulması tədbirlərinin mühüm elementləri kimi ictimai razılıq doğurur. Bakının bir sıra rayonlarında qanunsuz zəbt edilmiş ərazilərin Prezident İlham Əliyevin tapşırığı əsasında dövlət fonduna qaytarılması və yeni parkların salınması həm də ekoloji mühitin yaxşılaşdırılması və insanların sağlamlığının qorunması işinə sanballı töhfədir.

Bakı şəhərinin kənd və qəsəbələrinin müasirləşdirilməsi, yenidənqurulması, mühüm sosial-infrastruktur layihələrinin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun Bakı şəhərinin Balaxanı, Pirşağı, Bibiheybət və digər qəsəbələrində apardığı unikal yenidənqurma və abadlıq işləri, “Abad həyət” layihələri paytaxt sakinləri tərəfindən razılıqla qarşılanır. Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ötən illərdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, Zirə Mədəniyyət Mərkəzinin (EKO Park) yaradılması, Balaxanı və digər qəsəbələrdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri Abşeronun tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, onun aparıcı turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Fondun xüsusi konsepsiya əsasında reallaşdırdığı layihələr Bakı şəhərinin xarici turistlər üçün cəlbedici məkana çevrilməsinə xidmət edir.

Paytaxtın gözəl memarlıq abidələrindən biri kimi tanınan “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurmadan sonra iyunun 6-da Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi paytaxtın abadlaşdırılması, infrastrukturunun müasirləşdirilməsi və turizm cəlbediciliyinin yüksəldilməsi tədbirlərinin tərkib hissəsidir. Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, son illərdə təmirsiz və baxımsız vəziyyətdə idi. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdı.

Ümumilikdə, reallaşdırılan bu və digər tədbirlər isə ölkədə turizmin inkişafına təkan verir, xüsusilə də paytaxt Bakının qlobal turizm sektorunda mövqelərini yaxşılaşdırmasına imkan yaradır.

Mənbə:    Azərtac